Xəlil Rza Ulutürk | Oxşarı olmayan alovlu şair

Elə insanlar var ki, mütləq onların bir bənzəri olur. İnsanın oxşarının olması adi haldır. Amma şair, istiqlal mücahidi Xəlil Rza bəlkə də bu dünyada yeganə oxşarı olmayan insandır. Bənzərsizdir! Onun oxşarı yalnız özüdür. Əslində Xəlil Rza daha çox təbiətə bənzəyirdi. Gah sel kimi guruldayır, daşır, gah da ildırım kimi çaxırdı. Bir də görürdün ki, qaranlıqları aydınlaşdıran günəş kimi nur saçırdı.
Xəlil Rza azadlıq hayqıran millətin səsi, etirazın ifadə forması, vətənini canından çox sevən vətəndaş, alovlu şair, olduğu kimi görünən, göründüyü kimi olan əsl insan idi. Onun adı çəkiləndə istər-istəməz adamın gözü önündə mübarizə aparan fədakar bir insanın obrazı canlanır. Bu gün bu böyük tarixi şəxsiyyətin 90 yaşı tamam olur.

Xəlil Rza Ulutürk

Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində dünyaya göz açıb. 62 illik zamanda bir insan ömrünə sığmayan çox böyük işlər görüb. Ədəbi mühitə 1948-ci ildə «Abşeron» şeiri ilə gələn Xəil Rza özünün orijinal poetik düşüncəsi, özünəməxsus dəst-xəti ilə seçilir və ədəbi zirvəyə doğru inamla irəliləyir. 1954-cü ildə BDU-nun Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alan şair qısa zaman kəsiyində görkəmli alim, tərcüməçi, tənqidçi və ən nəhayət, yorulmaz vətənpərvər, istiqlal mücahidi kimi tanınır və özünü təsdiq edir.
Xəlil Rza təmənnasız, dünya malında gözü olmayan, yeganə arzusu, istəyi vətənini müstəqil, millətini azad görmək istəyən çox nadir insanlardan idi. Bunu onun həyat kredosu da adlandıra bilərik. Hələ 1960-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim işləyən Xəlil Rza tələbələr qarşısında antisovet çıxışlarına görə müəllimlikdən uzaqlaşdırılır, arzuolunmaz şəxs elan olunur, gənc nəsillə görüşünə qadağalar qoyulur. Amma, necə deyərlər, selin qarşısını kəsmək olmur. Xəlil Rza gur, səs-küylü axan bir dağ çayı kimi guruldayıb daşırdı. Bir gün vulkan kimi püskürəcəyi açıq-aşkar hiss olunurdu.
200 ildir ki, başımıza gələn bəlaların da xoşbəxtliklərin səbəbkarı Qarabağdır desək, səhv etmərik. Ermənilər ən gözəl, səfalı, eyni zamanda məhsuldar torpaqlarımıza köçürüldükdən sonra başımıza gələn bəlalar da artmağa başladı. Cəlladlar dəfələrlə insanlarımızı qan gölündə boğdular. Ölkəmizdə Azadlıq hərəkatı da Qarabağ dalğası üzərində başladı...
1990-cı illərdə ermənilər Qarabağda separatçı hərəkata başlayanda şair Xəlil Rza bu dəfə başqa bir formada, istiqlal mücahidi kimi meydana çıxdı. Bu illərdə Xəlil Rza hadisələrin mərkəzində idi, alovlu çıxışları, vətənpərvər şeirləri ilə insanları mübarizəyə səsləyirdi.
Xəlil Rza vətən sevdalısı, azadlıq aşiqi idi. Pərvanə sevdasının başına fırlanıb özünü sevdiyi şamın oduna çırpıb yandırdığı kimi, Xəlil Rza da vətənimizi qarış-qarış gəzib, yurdun başına fırlanıb, ermənilərə, onların havadarlarına kin, qəzəb püskürürdü. Özünün rahatlığını, hətta həyatını bu yolda qoyaraq imperiyaya meydan oxuyurdu. Xəlil Rza azadlıq mübarizəsinin simvollarından idi… Xəlil Rza gözəl bilirdi ki, azadlıq verilmir, azadlıq alınır. Şair əsl milli mücahid idi… Harada mücadilə varsa, orada da Xəlil Rza var idi.

Azadlığı istəmirəm
Zərrə-zərrə, qram-qram
Qolumdakı zəncirləri qıram gərək
Qıram! Qıram!
Azadlığı istəmirəm
Bir həb kimi, dərman kimi
İstəyirəm səma kimi,
Günəş kimi,
Cahan kimi:
Çəkil, çəkil, ey qəsbkar:
Mən bu yurdun gur səsiyəm:

Bu şeir azadlıq nəğməkarı Xəlil Rza Ulutürkün avtoportretidir — ömrüboyu azadlıq təşnəsi olan, yaradıcılığı boyu şeirlərində vətənpərvərliyi, azadlığı, müstəqilliyi tərənnüm edən, şeirləri ilə gənclərə Vətən və xalq qarşısındakı mənəvi borc duyğusu aşılayan, hər cür çətinlikləri dəf edərək mübarizə əzmini tərənnüm edən bir şairin daxili dünyasının səsi, illərlə azadlığı əlindən alınmış bir xalqın səsi idi...
Xəlil Rza Azərbaycan dilinin saflığı uğrunda, onun yad sözlərdən, terminlərdən təmizlənməsi uğrunda hələ sovet imperiyasının qaynar çağlarında özünəməxsus formada mübarizə aparırdı. Milli ruhun, milli düşüncənin oyanması üçün fədakarlıqlar göstərirdi.

Kim qoruya bilməyirsə
Öz yurdunu, yuvasını,
udmasın yurd havasını.
Kim qorumur öz dilini,
itsin mənim gözlərimdən ilim-ilim,
O sahili bu sahilə birləşdirən
polad körpüm, qılıncımdır,
günəşimdir mənim dilim!

İllər idi ki, imperiya ipə-sapa yatmayan, heç bir qəlbə sığmayan Xəlil Rzanı «nəzarətində» saxlayıb, onu susdurmaq üçün bəhanə gəzirdi. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əlinə belə bir imkan bir də 1990-cı ildə sovet qoşunları Bakıda qanlı qırğın törətdikdən az sonra düşdü. İmperiya nökərləri şairin qanına susamış ermənilərin fitvası ilə Xəlil Rzanı 1990-cı il yanvarın 26-da həbs edərək Moskvaya, Lefertovo həbsxanasına apardılar. Sözünü, fikrini qəfəsə, qəlibə sala bilməyən bir azadlıq mücahidinin dəmir barmaqlıqlar arxasına salınması, 8 ay 13 gün xalqından, vətənindən təcrid edilməsi, təbii ki, şairin sağlamlığına vurulan ağır zərbə idi. Şəkər xəstəliyi olan şairin mənəvi terrora məruz qalması səhhətində özünü hər gün büruzə verirdi. Lakin bu ağır günlərdə də şair öz qənirsiz yaradıcılıq eşqi ilə sübut edirdi ki, onu həbs edə bilərlər, ruhu isə hər yerdə, hətta həbsxanada da azaddır. Xəlil Rza Ulutürk həbsxanada olarkən «Lefertovo gündəliyi»ni, 200-dən çox şeir, poema və məktublarını qələmə alır.
Azərbaycan ədəbi mühitində öz xarakteri, dünyaya baxışı, orijinal ədəbi düşüncəsi, ictimai-siyasi fəaliyyəti, fəlsəfi fikri ilə seçilən milli demokrat Xəlil Rza Ulutürk xalqın qəlbində yurd salan, əbədiyaşarlıq qazanmış böyük şəxsiyyətlərdəndir. Nə qədər ki Azərbaycan var, nə qədər ki Azərbaycan ədəbiyyatı var, nə qədər ki bu vətəni canından əziz bilən insanlar var, bir o qədər də türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasını canında, ruhunda bəsləyib pərvazlandırmış Xəlil Rza var. Xəlil Rza Ulutürkün həmişə vətən, millət üçün döyünən ürəyi 1994-cü il iyunun 22-də əbədi olaraq dayandı. Sağlığında ölümsüzlük qazananlar ölmürlər, əbədi olaraq ürəklərdə, sevgilərdə yaşayırlar.

 

 

Müəllif: Elşən Qəniyev
Mənbə: Azərbaycan qəzeti

 

0 şərh